Conversion tracking-də ən təhlükəli vəziyyət heç data toplamamaq deyil. Səhv dataya güvənib reklam büdcəsini, kampaniya strategiyasını və satış qərarlarını onun əsasında idarə etməkdir.
Full-stack tracking yanaşması saytdakı real hadisəni bir neçə ayrı platformaya təsadüfi şəkildə göndərmək əvəzinə, əvvəlcə vahid ölçmə məntiqi qurur. Sonra həmin məntiqi GA4, Google Ads, Meta və davranış analitikası ilə əlaqələndirir.
Bu bələdçidə aşağıdakı sistemi praktik ardıcıllıqla quracağıq:
Biznes məqsədi → Event Map → dataLayer və ya tətbiq event qatı → GTM → GA4 + Google Ads + Meta Pixel/CAPI → Microsoft Clarity → Audit
Burada Claude planlaşdırma, texniki specification, kod nümunələri, naming convention və audit sənədlərini hazırlamağa kömək edə bilər. Hesabların qoşulması, server deploy-u, sensitive credentials və publish qərarı isə səndə və ya developer-də qalmalıdır.
Əsas prinsip: AI təkrarlanan texniki işi sürətləndirir. Nəyin doğru olduğunu yoxlamaq və nəyin live olacağına qərar vermək isə insan məsuliyyətidir.
Sistem hansı platformaları əhatə edir?
| Qat | Əsas rolu | Cavab verdiyi sual |
|---|---|---|
| Event Map | Ölçmə planı | Biznes üçün hansı hadisələr vacibdir? |
| dataLayer və tətbiq event qatı | Vahid məlumat sxemi | Hadisə zamanı hansı məlumat ötürülür? |
| Google Tag Manager | Tag və trigger idarəsi | Siqnal hansı şərtlə hara göndərilir? |
| GA4 | Davranış və funnel analitikası | İstifadəçi hansı mərhələlərdən keçir? |
| Google Ads | Reklam konversiyası və bidding | Hansı kampaniya real nəticə yaradır? |
| Meta Pixel və CAPI | Brauzer və server ölçməsi | Meta hadisəni necə qəbul edir və uyğunlaşdırır? |
| Microsoft Clarity | Session recording və heatmap | İstifadəçi harada ilişir və ya tərəddüd edir? |
| Audit | Doğrulama | Toplanan data doğrudur, tamdır və təkrarsızdır? |
Claude ilə necə işləmək lazımdır?
Claude-u “hər şeyi özü publish edən avtomat” kimi yox, analytics implementation partner kimi istifadə etmək daha doğrudur.
Claude bunları hazırlaya bilər:
- biznes məqsədinə uyğun Event Map;
- dataLayer specification və kod nümunələri;
- GTM Tags, Triggers və Variables planı;
- GA4 event və parameter xəritəsi;
- Google Ads conversion action tövsiyələri;
- Meta Pixel və CAPI deduplication sxemi;
- test planı, audit siyahısı və texniki sənədləşmə.
Sən və ya developer isə bunları yerinə yetirirsiniz:
- hesab və container girişlərini təhlükəsiz şəkildə qoşursunuz;
- kodu və server-side inteqrasiyanı deploy edirsiniz;
- consent və privacy tələblərini təsdiqləyirsiniz;
- Preview, DebugView və test alətləri ilə nəticəni yoxlayırsınız;
- son versiyanın publish qərarını verirsiniz.
Uyğun API və hesab icazəsi varsa bəzi mərhələləri avtomatlaşdırmaq mümkündür. Amma credential-ları prompt mətninə yazmaq və yoxlamadan dəyişiklikləri live etmək düzgün iş axını deyil.
STEP 0: Əvvəlcə Event Map hazırla
Tag yaratmağa başlamazdan əvvəl nəyi track edəcəyinə qərar ver.
Problemli tracking sistemlərinin çoxunda səhv ilk tag-də yox, ölçmə planının olmamasında başlayır. Komanda bütün klikləri toplayır, amma hansı hadisənin maraq, hansı hadisənin lead, hansının real satış olduğunu əvvəlcədən müəyyən etmir.
Əksər biznes üçün 6 ilə 10 əsas hadisə kifayətdir. Məsələn, lead generation saytı üçün belə bir xəritə yarana bilər:
| Event | Trigger | Əsas parameters | Biznes rolu |
|---|---|---|---|
page_view |
Səhifə açıldı | page_location, page_referrer | Trafik |
view_service |
Xidmət səhifəsi görüldü | service_id, service_name | Maraq |
form_start |
İlk forma sahəsi dolduruldu | form_id, form_name | Niyyət |
generate_lead |
Server uğurlu müraciəti təsdiqlədi | lead_id, form_id, lead_type | Konversiya |
qualify_lead |
CRM-də lead uyğun sayıldı | lead_id, lead_status | Keyfiyyət |
close_convert_lead |
Satış tamamlandı | lead_id, value, currency | Gəlir |
E-commerce layihəsində isə view_item, add_to_cart, begin_checkout, purchase və refund kimi GA4 tərəfindən tövsiyə olunan event adlarından istifadə etmək daha düzgündür.
Event Map hər hadisə üçün bunları yazmalıdır:
- event adı;
- biznes tərifi;
- dəqiq trigger;
- göndəriləcək parameters;
- məlumatın mənbəyi;
- GA4, Google Ads və Meta-dakı qarşılığı;
- test ssenarisi;
- məsul şəxs.
Claude üçün praktik prompt
Analytics lead kimi davran. Bu [business type] biznesidir və əsas məqsəd [lead generation / ecommerce / booking]-dir. Ölçülməli 6-10 əsas event-i müəyyən et. Hər event üçün biznes tərifini, trigger-i, göndəriləcək parameters-i, məlumat mənbəyini və GA4, Google Ads və Meta-dakı qarşılığını göstər. Nəticəni cədvəl şəklində təqdim et. Kliklə təsdiqlənmiş biznes nəticəsini ayrı saxla.
Hazırlanan Event Map bütün sonrakı tracking setup üçün Single Source of Truth olur. Platformalar dəyişə bilər, amma biznes hadisəsinin tərifi dəyişməməlidir.
STEP 1: GTM Foundation və dataLayer
Bu mərhələdə məqsəd bir GTM container, aydın naming convention və etibarlı event qatını qurmaqdır.
Sadə məlumat axını belədir:
Saytda hadisə baş verir → dataLayer məlumatı qəbul edir → GTM trigger-i hadisəni tutur → uyğun tag GA4, Google Ads və ya Meta-ya siqnal göndərir.
Purchase üçün dataLayer nümunəsi
window.dataLayer = window.dataLayer || [];
window.dataLayer.push({
event: "purchase",
ecommerce: {
transaction_id: "T12345",
value: 129.00,
currency: "USD",
items: [
{
item_name: "Plan",
item_id: "SKU1",
price: 129.00,
quantity: 1
}
]
}
});
Bu obyekt GTM-ə bildirir ki, purchase hadisəsi baş verib, əməliyyatın unikal ID-si T12345, gəliri 129 USD, məhsulu isə Plan-dır.
transaction_id yalnız hesabat üçün deyil. İstifadəçi təşəkkür səhifəsini yenilədikdə eyni satışın təkrar sayılmasının qarşısını almaq üçün də vacibdir.
Lead generation üçün nümunə
window.dataLayer = window.dataLayer || [];
window.dataLayer.push({
event: "generate_lead",
lead_id: "L-4821",
form_id: "test_drive",
lead_type: "vehicle_test_drive"
});
Bu push sadəcə düyməyə klik ediləndə yox, server müraciəti uğurla qəbul etdikdən sonra işləməlidir. Əks halda validasiya xətası alan və ya formu göndərə bilməyən istifadəçi də lead kimi sayıla bilər.
GTM-də həmin axının əsas hissələri belə olur:
| Element | Nümunə ad | Funksiya |
|---|---|---|
| Trigger | CE - generate_lead |
Custom Event-i tutur |
| Variable | DLV - lead_id |
dataLayer-dən lead ID-ni oxuyur |
| GA4 Tag | GA4 - Event - generate_lead |
Hadisəni GA4-ə göndərir |
| Google Ads Tag | GAds - Conversion - Lead |
Seçilmiş conversion action-a göndərir |
| Meta Tag | Meta - Lead - Browser |
Brauzer hadisəsini Pixel-ə göndərir |
Folder və naming convention ilk gündən aydın olmalıdır. Tag 1, New Trigger və Test Variable kimi adlar container böyüdükcə auditi çətinləşdirir.
Vacib qeyd: GTM hər layihədə məcburi deyil
GTM güclü idarəetmə qatıdır, xüsusilə marketinq komandası developer-dən asılı olmadan tag və platformaları idarə etməlidirsə.
Amma bütün event məntiqi kodda yaranan və deploy prosesi sürətli olan Next.js kimi layihələrdə GA4 event-lərini birbaşa tətbiq kodundan idarə etmək də düzgün arxitektura ola bilər. Bu halda GTM yalnız Clarity, reklam tag-ləri və ya ayrıca third-party script-lər üçün qala bilər.
Əsas məsələ “hamısı GTM-də olmalıdır” qaydası deyil. Əsas məsələ bir hadisənin bir sahibi, bir adı, bir trigger-i və yoxlanılan bir məlumat sxemi olmasıdır.
GTM qurulumunu daha detallı yoxlamaq üçün GA4 və GTM konversiya izləmə auditi bələdçisinə baxa bilərsən.
STEP 2: GA4 setup
GTM və ya tətbiq event qatı hazır olduqdan sonra hadisələr GA4-ə göndərilir. Burada məqsəd yalnız Events hesabatında rəqəm görmək deyil. Hansı hadisənin real biznes nəticəsi olduğunu düzgün müəyyənləşdirməkdir.
Məsələn:
page_viewvəview_servicedavranış siqnalıdır;form_startniyyət siqnalıdır;generate_leadvəpurchaseəsas biznes nəticəsi ola bilər;qualify_leadvəclose_convert_leadCRM-dən qaytarılan keyfiyyət siqnalıdır.
GA4 setup zamanı bunları yoxla:
- mümkün olduqda tövsiyə olunan event adlarından istifadə edilir;
- hər event prescribed parameters ilə göndərilir;
- yalnız real biznes nəticələri Key Event kimi işarələnir;
- test və daxili komanda trafiki ayrıca müəyyənləşdirilir;
- checkout və ya ödəniş başqa domendədirsə cross-domain measurement qurulur;
- payment provider və digər idarə olunan domenlər unwanted referrals siyahısında yoxlanılır;
- data retention və consent tələbləri biznesə uyğun seçilir;
- DebugView-də event adı, parameter, value və currency ayrıca yoxlanılır.
Cross-domain measurement qurulmadıqda eyni istifadəçi iki domen arasında keçərkən iki user və iki session kimi görünə bilər. Ödəniş provayderi geri dönüşü referral kimi yazıldıqda isə satışın real kampaniya mənbəyi itə bilər.
STEP 3: Google Ads conversion tracking
Google Ads-ə bütün event-ləri əsas conversion kimi göndərmək olmaz. Bidding sistemi hansı nəticəyə optimizasiya etməli olduğunu dəqiq bilməlidir.
Primary və Secondary fərqi
| Növ | Harada görünür | Bidding-ə təsiri |
|---|---|---|
| Primary | Conversions və All conversions | Kampaniya həmin goal-a optimizasiya olunursa bidding-də istifadə edilir |
| Secondary | All conversions | Adətən müşahidə üçündür, standart goal-da bidding-i idarə etmir |
purchase, təsdiqlənmiş generate_lead və real booking Primary ola bilər. form_start, WhatsApp klikı, video baxışı və qiymət səhifəsi baxışı isə çox vaxt Secondary saxlanmalıdır.
Double-counting-dən qorun
Eyni lead həm birbaşa Google Ads conversion tag-i ilə, həm də GA4-dən import edilərək Primary kimi istifadə edilirsə, hesabat və bidding siqnalı qarışa bilər.
Bir əsas ölçmə yolu seç:
- birbaşa Google Ads tag və Enhanced Conversions;
- yaxud GA4 Key Event import-u.
İkinci yolu müşahidə üçün saxlamaq mümkündür, amma eyni real nəticəni iki Primary conversion kimi optimizasiyaya daxil etmə.
Enhanced Conversions nə edir?
Enhanced Conversions istifadəçinin özünün təqdim etdiyi first-party məlumatı uyğun hüquqi əsas və platforma siyasəti daxilində hash edərək mövcud conversion measurement-i tamamlayır. Bu, əsas tag-in əvəzi deyil. Əvvəl conversion trigger düzgün işləməli, sonra əlavə measurement qatı qurulmalıdır.
Google Ads-in cari quruluşunda Enhanced Conversions for web və leads məlumatının qəbulu vahid hesab səviyyəli setting altında idarə olunur. Köhnə bələdçilərdəki ayrı qurulum məntiqini kor-koranə təkrarlamaq əvəzinə, hesabdakı cari conversion diagnostics və rəsmi setup addımlarını yoxlamaq lazımdır.
Klikdən real satışa qədər bütün ölçmə zənciri üçün Google Ads konversiya izləməsi məqaləsini də oxuya bilərsən.
STEP 4: Meta Pixel və Conversions API
Meta ölçməsində güclü yanaşma browser-side Pixel ilə server-side Conversions API siqnallarını birlikdə istifadə etməkdir. Amma eyni real hadisə hər iki kanaldan gedirsə deduplication mütləq qurulmalıdır.
Məntiq belədir:
| Kanal | event_name | event_id |
|---|---|---|
| Meta Pixel | Purchase | order_12345 |
| Conversions API | Purchase | order_12345 |
Meta bu iki siqnalı eyni real hadisənin brauzer və server nüsxəsi kimi tanımalıdır. Bunun üçün əsas şərtlər bunlardır:
event_namehər iki tərəfdə eyni olmalıdır;event_idhər iki tərəfdə eyni real əməliyyatı göstərməlidir;- server və brauzer hadisələri məntiqli vaxt aralığında çatmalıdır;
- ID əməliyyatla bağlı olmalı, hər kanalda ayrıca təsadüfi yaradılmamalıdır.
Lead üçün lead_id, booking üçün booking_id, satış üçün order_id və ya transaction_id istifadə oluna bilər.
Event Match Quality ilə deduplication eyni anlayış deyil. Deduplication eyni hadisənin iki dəfə sayılmasının qarşısını alır. Match Quality isə hadisənin uyğun istifadəçi və reklam qarşılıqlı əlaqəsi ilə əlaqələndirilməsi üçün göndərilən məlumatın keyfiyyətini göstərir.
Test Events-də brauzer və server hadisələrini birlikdə yoxla. Eyni event ID, dəyər, valyuta, vaxt və nəticə sayı təsdiqlənmədən setup tamamlanmış sayılmır.
Bu mövzunun tam test ardıcıllığı Meta Pixel və CAPI deduplication bələdçisindədir.
STEP 5: Microsoft Clarity
GA4 sənə insanların hansı səhifədə və hansı mərhələdə ayrıldığını göstərə bilər. Clarity isə həmin davranışın necə baş verdiyini anlamağa kömək edir.
Məsələn, GA4 form completion rate-in aşağı olduğunu göstərir. Clarity recording və heatmap-ləri isə istifadəçinin hansı sahədə tərəddüd etdiyini, səhv CTA-ya klik etdiyini və ya mobil ekranda vacib hissəni görmədiyini üzə çıxara bilər.
Clarity setup zamanı bunları yoxla:
- layihəyə aid düzgün tracking code işləyir;
- tag bütün lazımi səhifələrdə yalnız bir dəfə yüklənir;
- cookie və consent davranışı privacy tələblərinə uyğundur;
- şəxsi və sensitive sahələr maskalanır;
- səhifə performansına təsir ölçülür;
- Network panelində
clarity.ms/collectsorğuları görünür; - ilk review üçün konkret suallar əvvəlcədən yazılır.
İlk baxışda bu üç suala cavab axtar:
- istifadəçi ən çox hansı addımda dayanır;
- CTA və forma mobil ekranda rahat işləyirmi;
- rage click, dead click və sürətli geri dönüş hansı səhifələrdə yaranır.
Clarity rəqəmsal analitikanın əvəzi deyil. O, rəqəmin arxasındakı davranışı görmək üçündür.
Ən vacib mərhələ: tracking audit
Tracking artıq qurulubsa, hər şeyi sıfırdan qurmaq çox vaxt lazım deyil. Əvvəl mövcud sistemi audit et və hansı qatın həqiqətən səhv olduğunu müəyyənləşdir.
Event və dataLayer
- Event Map aktual biznes məqsədlərini əks etdirir.
- Event adları GA4, Google Ads və Meta arasında məntiqli şəkildə uyğunlaşdırılıb.
- dataLayer tag-lərin gözlədiyi parameters-i həqiqətən ehtiva edir.
- Klik deyil, serverin və ya tətbiqin təsdiqlədiyi nəticə conversion sayılır.
value,currency,transaction_idvəevent_idboş deyil.- Şəxsi məlumat URL, UTM və analytics event parameters daxilinə düşmür.
GTM və GA4
- Eyni event-i göndərən duplicate tag yoxdur.
- Broken, paused və orphaned tag-lər müəyyənləşdirilib.
- Consent state uyğun tag-lərdən əvvəl tətbiq olunur.
- GA4 Key Events real biznes nəticələridir.
- Internal və staging traffic hesabatı çirkləndirmir.
- Cross-domain və unwanted referrals qurulumu real journey-yə uyğundur.
Google Ads
- Primary conversion-lar bidding üçün doğru nəticələrdir.
- Secondary conversion-lar yalnız müşahidə siqnalı kimi saxlanır.
- GA4 import və birbaşa Ads tag eyni nəticəni iki dəfə saymır.
- Enhanced Conversions statusu və diagnostics yoxlanılıb.
- CRM-dəki uyğun lead və satış nəticəsi reklam klikləri ilə əlaqələndirilə bilir.
Meta
- Pixel və CAPI eyni real hadisə üçün eyni
event_nameistifadə edir. - Hər iki kanalda eyni
event_idötürülür. - Test Events-də deduplication nəticəsi yoxlanılıb.
- Event Match Quality üçün yalnız zəruri və qanuni first-party data istifadə olunur.
- CRM sayı ilə platforma hadisələri dövri tutuşdurulur.
Clarity və keyfiyyət yoxlaması
- Recording və heatmap dataları gəlir.
- Sensitive məzmun maskalanır.
- Consent və cookie davranışı test edilib.
- Mobil və desktop əsas axınlar ayrıca izlənib.
- Audit nəticələri tarix, sahib və növbəti addımla sənədləşdirilib.
Auditin daha qısa icra siyahısı üçün konversiya izləmə auditi, first-party data və CRM əlaqəsi üçün isə first-party data ölçmə sistemi məqaləsinə bax.
7 günlük praktik icra planı
| Gün | İş | Çıxış |
|---|---|---|
| 1 | Biznes məqsədi və funnel müsahibəsi | Təsdiqlənmiş Event Map |
| 2 | dataLayer və tətbiq event specification | Developer üçün texniki sənəd |
| 3 | GTM və GA4 qurulumu | Preview və DebugView testləri |
| 4 | Google Ads conversion actions | Primary və Secondary xəritəsi |
| 5 | Meta Pixel və CAPI | Deduplication və Test Events nəticəsi |
| 6 | Clarity və consent yoxlaması | Recording, heatmap və privacy testləri |
| 7 | End-to-end audit | Xəta siyahısı, sahib və düzəliş planı |
Bu plan yalnız texniki quraşdırma təqvimi deyil. Hər günün sonunda yoxlanılan çıxış olmalıdır. “Tag yaradıldı” nəticə deyil. “Real test ssenarisində bir dəfə işə düşdü, düzgün parameters göndərdi və CRM nəticəsi ilə əlaqələndi” yoxlanılan nəticədir.
Yekun
Etibarlı tracking sistemi platforma siyahısından başlamır. Biznes qərarından başlayır.
Əvvəl nəyi ölçdüyünü müəyyənləşdirirsən. Sonra event adını və məlumat sxemini standartlaşdırırsan. Daha sonra uyğun texniki qatla siqnalı GA4, Google Ads, Meta və Clarity-yə ötürürsən. Sonda isə rəqəmləri real CRM və satış nəticəsi ilə audit edirsən.
Etibar edə bilmədiyin tracking, tracking-in ümumiyyətlə olmamasından daha pisdir. Çünki boş hesabat səni dayandırır, səhv hesabat isə yanlış istiqamətdə sürətləndirir.
Rəsmi mənbələr
- Google Tag Manager: dataLayer haqqında rəsmi bələdçi
- Google Analytics: tövsiyə olunan event-lər
- Google Analytics: cross-domain measurement
- Google Analytics: unwanted referrals
- Google Ads: Primary və Secondary conversion actions
- Google Ads: Enhanced Conversions
- Meta for Developers: Pixel və server hadisələrinin deduplication qaydası
- Microsoft Clarity: setup və verification



