First-party data sadəcə e-mail siyahısı deyil
First-party data biznesin müştəri ilə birbaşa əlaqəsi nəticəsində topladığı məlumatdır: sayt hadisələri, müraciətlər, sifarişlər, CRM mərhələləri, mağaza satışları, abunəliklər və müştərinin verdiyi seçimlər. Bu məlumatın dəyəri həcmində yox, biznes nəticəsinə nə qədər yaxın və nə qədər etibarlı olmasındadır.
Minlərlə natamam lead sətrindən daha az, amma satış nəticəsi və razılıq statusu düzgün qeyd edilmiş məlumat çox vaxt daha faydalıdır.
Niyə yalnız brauzer Pixel-i kifayət etmir?
Brauzer hadisələri səhifənin yüklənməməsi, bağlantı problemi, reklam bloklayıcıları və texniki məhdudiyyətlər səbəbilə itə bilər. Üstəlik, satış saytdan sonra telefon, WhatsApp, mağaza və ya CRM daxilində tamamlanırsa, Pixel həmin nəticəni ümumiyyətlə görməyə bilər.
Server-side bağlantı bu boşluğun bir hissəsini doldurur. Meta Conversions API server, sayt platforması, tətbiq və CRM-dən marketinq hadisələrini göndərməyə imkan verir. Amma bu sistem məxfilik qaydalarını keçmək üçün yol deyil. İstifadəçi razılığı, data minimallaşdırılması və platforma şərtləri yenə qüvvədə qalır.
Etibarlı data sisteminin dörd qatı
1. Razılıq və məqsəd
Hansı məlumatı niyə topladığınızı əvvəlcədən müəyyən edin. “Gələcəkdə lazım olar” yanaşması həm risk, həm də qarışıqlıq yaradır. Hər sahənin konkret istifadəsi olmalıdır: sifarişin icrası, analitika, reklam ölçməsi və ya müştəri əlaqəsi.
2. Vahid hadisə xəritəsi
Sayt və CRM eyni biznes prosesini eyni dillə təsvir etməlidir. Məsələn: lead_created, qualified_lead, sale_completed və purchase_value. “Submit” düyməsinə klik satış deyil. Hadisə adını biznes nəticəsi ilə qarışdırmayın.
3. Brauzer və server hadisələrinin uyğunlaşdırılması
Eyni hadisə həm Pixel, həm də server vasitəsilə göndərilirsə, dublikatın qarşısını almaq üçün ortaq event ID istifadə edilməlidir. Yoxsa bir satış iki konversiya kimi görünə bilər. Event vaxtı, valyuta, dəyər və məhsul məlumatı da iki mənbədə eyni məntiqə uyğun olmalıdır.
4. CRM-dən nəticənin geri qaytarılması
Reklam sistemi yalnız ilkin müracişi görürsə, çox lead gətirən kampaniyanı yaxşı hesab edəcək. Keyfiyyətli lead və real satış mərhələsini geri göndərdikdə optimizasiya biznesə daha yaxın siqnalla işləyir.
Qurulum üçün addım-addım plan
- Müştəri yolunu ilk klikdən satışa qədər xəritələyin.
- Hər mərhələnin sahibini müəyyən edin: sayt, CRM, ödəniş sistemi və ya satış komandası.
- Yalnız qərar üçün lazım olan hadisələri seçin.
- UTM və click ID məlumatlarının CRM-də saxlanmasını təmin edin.
- Pixel və server hadisələrində event ID ilə deduplikasiya qurun.
- Test sifarişi yaradıb bütün yolun düzgün keçdiyini yoxlayın.
- Həftəlik data keyfiyyəti nəzarəti yaradın.
Nəyə nəzarət etmək lazımdır?
- Sayt sifarişləri ilə analitikadakı sifarişlərin fərqi;
- Dublikat hadisələrin sayı;
- Event match quality və itən vacib parametrlər;
- Lead-dən keyfiyyətli lead-ə və satışa keçid;
- Razılıq siqnalının düzgün ötürülməsi;
- Test və real sifarişlərin qarışmaması.
First-party data layihəsi bir dəfə qurulub unudulan inteqrasiya deyil. Saytda forma, checkout, CRM mərhələsi və ya satış prosesi dəyişəndə ölçmə də yenidən yoxlanmalıdır.
Ən çox edilən səhvlər
Hər hadisəni reklama göndərmək, bütün lead-ləri eyni dəyərdə qəbul etmək, Pixel və server hadisələrini deduplikasiya etməmək, şəxsi məlumatı ehtiyacdan artıq saxlamaq və platformadakı rəqəmi CRM ilə tutuşdurmamaq ən yayğın problemlərdir.
Yaxşı first-party data sistemi daha çox məlumat toplamaqla başlamır. Daha aydın məqsəd, daha az amma düzgün hadisə və davamlı keyfiyyət nəzarəti ilə başlayır.
Mənbə: Meta: Conversions API haqqında.






